Ucar Rayon Məhkəməsi

Ucar Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ucar rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Ucar Rayon Məhkəməsinin binası


 

Rayon haqqında qısa məlumat

Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-Sitəkrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözundən əmələ gəlmişdir. Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun ölkəmizin mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal edilir. Ucar rayonunun ərazisi keçmişdə Şirvan bəylərbəyliyinin, sonralar Şamaxı xanlığının, daha sonra 1840-ci ilin 10 aprelində inzibati islahata əsasən Kaspi vilayətinin tərkibində, 1846-cı ildə isə Şamaxı qurberniyasının tərkibində olmuş və 8 avqust 1930-cu il tarixdən isə Göyçay rayonuna birləşdirilmişdir. 1930-cu ildə qəza bölgüsü ləgv edildi və indiyədək mövcud olan rayon inzibati ərazi bölgüsünə keçirildi. Bu vaxt Ucar rayonu Göyçay rayonunun tərkibindən saxlanildı.

1939-cu ilin yanvar ayının 14-də Ucar rayonu Göyçay rayonunun tərkibindən ayrilaraq özümüstəqil rayona çevrilərək ayrica rayon kimi təşkil edilmiş və həmin ildə də Ucar Rayon Xalq Məhkəməsi (indiki Ucar Rayon Məhkəməsi) təsis edilmişdir. Təsərrüfatı pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru sub-tropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluqdan ibarətdir. Əhalisinin sayı 79 min 957 nəfər (17 iyun 2011), ərazisi isə 850 km²-dir. Rayon Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi var. Ucar rayonu şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Ucar rayonunda 41 nəfər qaçqın və 930 nəfər məcburi köçkün məskunlaşmışdır.